Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni-2021/2022 tədris ilinin başlanması münasibətilə LDU-nun tələbə-professor-müəllim heyətinə
Təbriki
Əziz tələbələr, hörmətli müəllimlər, dəyərli valideynlər!
29 sentyabr tarixi ölkəmizin təhsil həyatında uğurlu gündür. Bu gündən yeni-2021/2022 tədris ilinə qədəm qoyuruq. Bu münasibətlə ilk əvvəl Lənkəran Dövlət Universitetinə bu il qəbul olunmuş, universitet seçimində bizim ali təhsil ocağını seçmiş I tədris ili tələbələrini ürəkdən təbrik edir, onlara təhsil həyatında böyük uğurlar arzu edirəm. Əminəm ki, onlar ali təhsil üçün məhz Lənkəran Dövlət Universitetini seçdiklərinə görə heç vaxt təəssüf hissi keçirməyəcəklər. Çünki LDU təhsilin modernləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması yolunda inamla irəliləyir.Yeni tədris korpuslarının, tələbə yataqxanasının inşa edilməsi, təcrübə təsərrüfatlarının qurulması, xaricdən son nəsil laboratoriyaların alınması, professor-müəllim heyətinin yeni-daha ixtisaslı kadrlar hesabına daim yenilənməsi sübut edir ki, LDU bir nöqtədə dayanmır, bu günkü uğurlarına arxayınlaşmır, daim yeniliyə, yeni uğurlara can atır.
Sabah yeni tədris ilinə ənənəvi qaydada davam etməyimiz təhsildə yeni uğurlar qazanacağımıza təminatdır.Çox şükürlər ki, ölkəmizdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyanın vaxtında aparılması öz səmərəli nəticəsini verdi,ölüm və yoluxma sayının azalması tədrisin əyani şəkildə qurulmasına şərait yaratdı.Bir daha bütün tələbə, müəllim və işçi heyətinin nəzərinə çatdırıram ki, un iversitetə ancaq vaksinasiya olunmuş şəxslər buraxılacaq.
Hər yeni tədris ilinin başlanması təhsil işçiləri, tələbələr , onların valideynləri üçün bayramdır.Çünki elmə, biliyə gedən yollar, ölkəmizin inkişafı təhsildən keçir.Lənkəran Dövlət Universitetində təhsil alan bütün tələbələri, onların valideynlərini, həmçinin universitetimizin professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram. Qalib ölkənin qalib vətəndaşları- Yeni tədris iliniz mübarək!